Təhsil Nazirliyi: “11 min ibtidai sinif müəlliminin qiymətləndirilməsi aparılacaq”

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə, təxminən, 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlb olunması planlaşdırılır.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsinə məhz ibtidai təhsil səviyyəsi üzrə çalışan müəllimlərin cəlb olunmasına aydınlıq gətirib. O deyib ki, təhsildə məzmunla bağlı islahatlar məhz ibtidai siniflərdən başlayır.

R.Əzizovun sözlərinə görə, ibtidai siniflər təhsilin vacib pilləsidir: “Çünki həmin mərhələdə qazanılan biliklər gələcək nailiyyətlərə də təsir edir. Müxtəlif təhlillər də onu göstərir ki, şagirdlərdə oxuyub-anlama, riyazi mülahizələrin yaxşılaşdırılmasına ehtiyac var. Bu da ibtidai sinifdən başlayır. Ona görə ilk növbədə həmin səviyyə üzrə qiymətləndirilmə aparılacaq”.