Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş keçirilir

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.

Məlumata görə, müxalifət nümayəndələrinin keçirdiyi aksiya paytaxtın kənar ərazilərindən başlayıb. Sürücülər hazırda az sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edirlər.

Qeyd edək ki, analoji aksiya dünən də keçirilib. Nəticədə şəhərdə uzun tıxaclar yaranıb. Ermənistan müxalifəti bu gün də İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır. Dünənki aksiya zamanı etirazçılar İrəvan meriyasının binasına girişi bağlamışdılar.

Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.