Paşinyan 44 günlük müharibəyə görə məhkəmədə dindiriləcək

Bu gün Ermənistan İstintaq Komitəsində 44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri dindirilib.
Modern.az xəbər verir ki, zərərçəkmişlərin vəkili Vaan Hovhannisyan jurnalistlərə bildirib ki, hərbçilərin yaxınlarının xahişi təmin edilib, baş prokuror baş nazir Nikol Paşinyanın dindirilməyə çağırılması barədə göstəriş verib.

“Ancaq dindirmənin nə vaxt keçiriləcəyi hələ məlum deyil. Hərəkətlərin ardıcıllığını müstəntiq müəyyənləşdirir. Prokuror 27 nəfəri zərərçəkmiş kimi tanıyıb, daha 15 valideynlə bağlı vəsatət vermişik”, – vəkil bildirib.

Həlak olan döyüşçülərin ailə üzvləri uzun müddətdir ki, Paşinyanın övladlarının ölümünə görə məsuliyyət daşıdığını iddia edir, onun məhkəməyə gətirilməsini tələb edirlər. Bu tələblərə səbəb baş nazirin açıqlaması olub. Aprelin 13-də parlamentin tribunasından hökumət başçısı bildirib ki, o, əraziləri hərbi əməliyyatlar olmadan təslim edə bilərdi, lakin bundan imtina etməklə minlərlə insanın ölümündə günahkar oldu.

Bu ifadə müharibədə ölən hərbçilərin valideynlərinin narazılığına və qəzəbinə səbəb olub. Onlar aprelin 18-də Ermənistan Baş Prokurorluğuna müraciət edərək, Paşinyanın sözügedən ifadəsi ilə bağlı cinayət işinin açılması və istintaqın aparılmasını tələb ediblər.