Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya daxil olmasını dəstəkləyib

Finlandiya Prezidenti Sauli Niinistö və Baş naziri Sanna Marin ölkənin NATO-ya üzv olmasını dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə onların birgə bəyanatında qeyd olunub.

“Cari ilin yazında Finlandiyanın mümkün NATO üzvlüyü ilə bağlı mühüm müzakirə aparılıb. Parlamentin və bütün cəmiyyətin məsələ ilə bağlı mövqeyini ortaya qoyması üçün vaxt lazım idi. NATO və onun üzvü olan ölkələrlə, eləcə də İsveçlə sıx beynəlxalq təmaslar üçün vaxt lazım idi. Biz müzakirəyə lazım olan məkanı vermək istədik.

Artıq qərarların qəbulu anı yaxınlaşdığına görə biz deputat qruplarına, partiyalara da məlumat vermək üçün birgə şəkildə fikirlərimizi bildiririk. NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. NATO üzvü kimi Finlandiya bütün müdafiə alyansını gücləndirəcək. Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir. Ümid edirik ki, bu qərarın qəbulu üçün lazım olan milli addımlar yaxın bir neçə gün ərzində sürətlə atılacaq”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl NATO Finlandiyanın üzvlüklə bağlı ərizəsinə sürətli rejimdə baxılacağını boyun olmuşdu. O, əvvəlcə Alyansa üzvlüyə namizəd statusu alacaq, bundan sonra NATO üzvü olan ölkələrin parlamentləri yeni namizədin üzvlüyünün qəbulunu bəyənməlidir.
Xatırladaq ki, Finlandiya ilə Rusiya arasında sərhədin ümumi uzunluğu 1 271,8 km-dir (1 091,7 km-i quru, 60,3 km çay, 119,8 km göl, 54 km dəniz).