Bir bələdiyyənin iki sədrinə cinayət işi açıldı

Azərbaycanda iki bələdiyyə sədri mənimsəmədə təqsirləndirilir.

Neftçala rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonun Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı  ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilmiş bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.