“Putin yenidən ata olacaq” – KİV

Ukrayna işğalına görə dünyada reaksiyaların hədəfi olan Rusiya prezidenti Vladimir Putinin yenidən ata olmağa hazırlaşdığı iddia edilib.

“Unikal” Rusiya KİV-lərinə istinadən xəbər verir ki,  “Putinin gizli sevgilisi” Anna Kabayeva hamilədir.

Keçmiş Rusiya kəşfiyyatçısının idarə etdiyi “General SVR” xəbər kanalı Avropa Birliyinin də sonuncu sanksiya siyahısında olan keçmiş gimnast Kabayevanın Putindən üçüncü övladını gözlədiyini bildirib. Kanala danışan mənbələr Putinin yenidən ata olacağı xəbərindən şoka düşdüyünü bildirib.

69 yaşlı Rusiya lideri ilə 2008-ci ildən münasibətdə olan 38 yaşlı Kabayevanın artıq Putindən iki övladının olması ilə bağlı iddialar uzun müddətdir ki, səslənir.

Bəzi mənbələr Putinin yenidən ata olmağı planlaşdırmadığını və bu xəbərdən məyus olduğunu qeyd edib. Putinin səhhətində problem olduğu iddialarını da gündəmə gətirən kanalın xəbərində Putinin belə qeyri-adi bir dövrdə yenidən ata olacağına təəccüblənməsinin normal olduğu bildirilib.

İddialara görə, Putin və Kabayevanın ilk oğlu 2015-ci ildə İsveçrədə, ikinci oğlu isə 2019-cu ildə Moskvada dünyaya gəlib. Bir müddət deputat olan Kabayevanın Putinə yaxınlığı sayəsində böyük sərvətə sahib olduğu və İsveçrədə yaşadığı bildirilir.

Kabayeva ilk dəfə ötən ay Ukraynanın işğalından sonra Moskvada görünüb və “Alina 2022” televiziya proqramında İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqının nasistlər üzərində qələbəsindən bəhs edən veriliş aparıb.

Putinin 30 illik həyat yoldaşı Lüdmiladan gizli şəkildə boşanması xəbərindən sonra ikilinin münasibətləri Rusiya mətbuatında böyük səs-küyə səbəb olub. Həmin vaxt xəbəri təkzib edən Putin bu günə kimi Anna Kabayeva ilə münasibətini heç vaxt təsdiqləməyib.