Məhkəmə Ermənistanın sabiq Baş prokurorunu həbsdə saxlayıb

Ermənistanın həbsdə olan sabiq Baş prokuroru Aqvan Ovsepyanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın “Sputnik Armeniya”ya istinadən xəbərinə görə, İrəvan Apellyasiya Məhkəməsində hakim Mnatsakan Martirosyanın sədrliyi ilə keçirilən prosesdə Aqvan Ovsepyanın vəkillərinin vəsatətinə baxılıb.

 

Məhkəmə vəsatəti təmin etməyib və Aqvan Ovsepyanı həbsdə saxlayıb.

Qeyd edək ki, vəkillər Aqvan Ovsepyanın girov müqabilində həbsdən azad edilməsini xahiş ediblər.

Xatırladaq ki, Aqvan Ovsepyan 18 mart 2004-cü ildən 13 sentyabr 2013-cü ilə qədər Baş prokuror, 18 iyul 2014-cü ildən 11 iyun 2018-ci ilə qədər Ermənistan İstintaq Komitəsinin sədri vəzifələrində çalışıb.

O, ötən il Xüsusi İstintaq Xidməti tərəfindən aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Sabiq Baş prokuror dələduzluq yolu ilə əmlak mənimsədə, külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur.