Zelenskini öldürmək istəyən “Vaqner”in rəhbəri ÜZƏ ÇIXDI

Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan “Vaqner” muzdlu qruplaşmasının maliyyəçisi Yevgeni Priqojinin müharibə ilə bağlı açıqlamaları gündəmdə iz buraxıb.

 

Modern.az xəbər verir ki, “Vaqneri”n lideri Priqojinin fikrincə, Rusiyanın qələbəsi yaxınlaşır.

 

Kiyevə 400 nəfərlik sui-qəsd qrupu göndərən və Prezident Volodimir Zelenskinin arxasınca getdiyi deyilən qrup əvvəlki illərdə Suriyada törətdiyi cinayətləri indi Ukraynada davam etdirir.

 

Muzdlu qrup bütün dünyada, xüsusilə Afrika və Yaxın Şərqdə Putinin şəxsi ordusu kimi fəaliyyət göstərir. Kremllə keçmiş iaşə müqavilələrinə görə tez-tez “Putinin rəhbəri” adlandırılan Yevgeni Priqojin bu həftə “The Guardian” qəzetində verdiyi açıqlamada Qərbi tənqid atəşinə tutub.

 

“Qələbə Rusiyanın olacaq. Bunun üçün çalışırıq”,- o bildirib.

 

“Vaqner” muzdlu qruplaşması bir sıra münaqişələr və amansız qətllərlə əlaqələndirilir. Qrupun Putinin şəxsi ordusu kimi fəaliyyət göstərdiyi güman edilir.

 

Hələ bu muzdlular Ukraynaya qarşı hücuma qoşulmazdan əvvəl Rusiya tərəfindən Afrika ölkələrində hərbi əməliyyatlar üçün yerləşdirilib.

 

“Vaqner” özünü şəxsi hərbi qrup kimi təqdim edir, eyni zamanda Kreml “Vaqner”lə hər hansı bağlılığı olduğunu, hətta bəzən bu qrupun mövcudluğunu inkar edir. Lakin “Vaqner”in Rusiya maraqlarına sadiqliyi Ukraynada da özünü göstərir. Belə ki, qruplaşma hazırda Donbass bölgəsinə hücum edən Rusiya qüvvələri arasında yer alır. Qrupun soyuqqanlı ağ kəllə emblemi ilə görünən uniformalı döyüşçülərinin Ukraynada olduqları sənədləşdirilir.

 

Ukraynanın şərqindəki Popansa qəsəbəsindən dronla çəkilən görüntülərdə Rusiya qoşunlarının Ukrayna əsgərləri ilə gərgin küçə döyüşləri apardığı görünür. Onların arasında “Vaqner”çilərin də olduğu iddia edilir.