KİV: “Kreml “denasifikasiya” sözündən imtina etməyə çalışır”

Kreml “denasifikasiya” sözündən imtina etməyə çalışır, çünki rusiyalılar bunun mənasını anlamır.

“Report” xəbər verir ki, bu barədə “Proyekt” nəşri Kremlə yaxın yüksəkvəzifəli 4 mediamenecerə istinadən məlumat yayıb.

Bildirilib ki, aprel ayında Kreml telefon sorğusu sifariş verib. Sorğunun nəticələri əhalinin Prezident Vladimir Putinin Rusiyanın Ukraynaya təcavüzünün məqsədlərindən biri adlandırdığı “denasifikasiya” sözünün mənasını anlamadıqlarını ortaya qoyub.

“Bundan sonra bizdə qarışıqlıq düşdü – hər həftə yeni sözlər axtarırdıq, amma uğurlu bir şey tapa bilmədik”, – həmsöhbətlərdən biri “Proyekt”ə bildirib.

Onun sözlərinə görə, sorğular rusiyalıların yalnız qələbə haqqında eşitmək istədiyini göstərir. Nəşr qeyd edib ki, buna baxmayaraq, təbliğat “denasifikasiya” sözünün işlədilməsindən tamamilə imtina etməyib, sadəcə olaraq istifadəsi sayını azaldıb.

Məsələn, teleaparıcı Dmitri Kiselyov fevralın 27-də və martın 6-da baş tutan efirlərində bu sözün anlamını ən azı yeddi dəqiqə izah etməyə çalışıb. Aprel ayında isə D.Kiselyov bu sözdən ümumiyyətlə istifadə etməyib, ya da hər buraxılışda yalnız bir dəfə işlədib.

Bundan əlavə, “Proyekt”in məlumatına görə, V.Putinin şəxsi operatorlarından biri olan İlya Filatov Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə bağlı dövlət başçısının videomüraciətini çəkdikdən sonra istefa verib.

Söhbət fevralın 24-də səhər tezdən nümayiş etdirilən videomüraciətdən gedir. İ.Filatovun özü işdən çıxmasını belə izah edib: “Peşədə zirvəyə çatdım”. O həmçinin aylarla karantində oturmaqdan yorulduğunu vurğulayıb. İ.Filatov işdən çıxmasının Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu təkzib edib.

Qeyd edək ki, denasifikasiya müharibənin əvvəlində Rusiyanın rəsmi Kiyev qarşısında qoyduğu şərtlərdən biridir. Belə ki, Kremlin mövqeyinə əsasən, Ukraynadakı hakimiyyət neonasist qrupdan ibarətdir və həmin rəhbərlik yerli əhaliyə, xüsusilə etnik ruslara qarşı “soyqırımı” siyasəti aparır. “Denasifikasiya” termini isə hərfi tərcümədə nasizm ünsürlərindən təmizləmə mənasını daşıyır. Bununla belə, Moskvanın Ukraynaya qarşı başladığı müharibənin sürəti səngidikcə, o cümlədən Kiyevdəki hakimiyyəti dəyişdirmək cəhdlərinin iflasa uğraması, habelə bir sıra istiqamətlərdə Rusiya ordusunun uğursuzluqları Rusiya mətbuatında, həmçinin rəsmi şəxslərin nitqlərində bu sözdən istifadənin sayını kəskin azaldıb.