Zelenski Lavrova cavab verdi: “Faşistlərin dərslərini unudub”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Hitlerin də yəhudi kökləri olub və ümumiyyətlə, ən qəddar antisemitlər yəhudilər olub” ittihamına cavab verib.

Modern.az xəbər verir ki, Zelenski Telegramdakı videomüraciətində Lavrovun sözlərini şərh edərək, bunu “antisemit hücumu” adlandırıb.

 

“Faşizm üzərində Qələbənin ildönümü ərəfəsində belə bir şeyi necə söyləmək olar?” – deyə Zelenski soruşub. Ukrayna liderinin sözlərinə görə, Lavrov bu sözləri ilə “nasistlərin cinayətlərinin günahını yəhudi xalqının üzərinə atıb” və belə görünür ki, Rusiyada İkinci Dünya Müharibəsinin bütün dərsləri unudulub, “ya da bəlkə heç vaxt bu dərslər öyrənilməyib”.

Zelenski Rusiya ilə İsrail arasında münasibətlərin gələcəyi, xüsusən də İsrail səfirinin Moskvada qalıb-qalmayacağı barədə sual verib.

Xatırladaq ki, mayın 2-də Sergey Lavrov İtaliyanın “Mediaset” nəşrinə müsahibəsində Adolf Hitlerin də yəhudi kökünün olduğunu iddia edib. O bununla Zelenskinin yəhudi olmağına və buna görə də Ukraynada nasizmin yayıldığına işarə vurub.

Rusiyalı nazirin açıqlamaları İsrail hökumətinin nümayəndələri arasında hiddət doğurub. Xarici işlər naziri Yair Lapid Moskvanın “həddini aşdığına” işarə edərək, Rusiyadan İsrail və yəhudi xalqından üzr istəməsini tələb edib. Lapid deyib ki, Lavrovun sözləri bağışlanmaz, hədsiz və həm də tarixi səhvdir.