AMEA-nın Ümumi yığıncağı başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı başlayıb.

APA-nın xəbərinə görə, Ümumi yığıncağı AMEA-nın Prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimov giriş nitqi ilə açıb.

Proqrama əsasən, Ümumi yığıncaqda AMEA-nın vitse-prezidentləri Rasim Əliquliyev, Dilqəm Tağıyev, İbrahim Quliyev, İradə Hüseynova, İsa Həbibbəyli və Gövhər Baxşəliyeva, eyni zamanda AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Gəncə bölməsinin sədri Fuad Əliyev 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabat verəcəklər.

Bundan əlavə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qurumun Nizamnaməsi haqqında məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Ümumi yığıncaqdan əvvəl “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub. Sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.

Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının nümayəndələri əldə edilən nailiyyətlər, kitab və monoqrafiyalar, bukletlər, kataloqlar, yüksək məhsuldarlığı ilə seçilən bitki sortları, flora nümunələri, dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları və s. haqqında gələn qonaqlara məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.