AMEA: Elmlər doktorlarının sadəcə 26 nəfəri 60 yaşdan aşağıdır

AMEA-nın kadr potensialının gəncləşdirilməsi istiqamətində işlər aparılmalıdır.

APA xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev AMEA-nın Ümumi yığıncağında deyib.

 

O bildirib ki, bu gün AMEA-nın elmlər doktorlarının sadəcə 26 nəfərinin yaşı 60-dan aşağıdır: “Ümumilikdə AMEA-nın 1 828 əməkdaşı var. Onlardan 948-i elmi işçi, 353-ü fəlsəfə doktoru, 165-i elmlər doktorudur. Əmək haqlarında ciddi fərqlər olduğu üçün 10-20 il institutlarda çalışan əməkdaşlarımız yavaş-yavaş ya təhsil müəssisələrinə, ya da digər sahələrə yönəlir. Onların yerinə isə təəssüf ki, yeni kadrlar gəlmir. Bu sahədə işlər aparılmalıdır”.

Rasim Əliquliyev qeyd edib ki, son bir neçə ildir AMEA əməkdaşlarının WoS beynəlxalq elmi bazasına çıxışı bağlanıb: “Elmi bazalarda elmi əsərlər dərc etdiyinə görə müəlliflərə mükafat verilmir. Əvvəl verilirdi. Həmçinin digər zəruri xərclər, o cümlədən tərcümə, dərc haqqı ödənilmir. Elmi jurnalların dərci üçün təşkilati-texniki və maliyyə dəstəyi göstərilmir”.