Dünyada COVID-19-a yoluxanların sayı 510 milyon ötdü

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 510 milyon nəfəri ötüb.

 

Modern.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu gün saat 13:00 radələrinə olan məlumata görə, bütün dünyada koronavirusa 195 min 732 yeni yoluxma və 637 yeni ölüm faktı qeydə alınıb. Bununla da yoluxanların ümumi sayı 510 milyon 137 min 975 nəfərə çatıb. Həmçinin infeksiya səbəbindən ümumilikdə 6 milyon 448 min 953 nəfər həyatını itirib, 463 milyon 448 min 922 nəfər isə sağalıb.

 

ABŞ COVID-19 infeksiyasına həm yoluxma, həm də ölüm sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa 82 milyon 733 mindən çox insan yoluxub, onlardan 1 milyon 18 min 582 nəfəri həyatını itirib.

 

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 43 milyon 62 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 522 min 223 nəfər vəfat edib.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 30 milyon 355 min nəfər virusa yoluxub, onlardan 662 min 777-si COVID-19 infeksiyasının qurbanı olub.