ASCO-nun gəmilərinin sayı açıqlanıb

“Hazırda Xəzər dənizində və xarici sularda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus 200-dən artıq gəmi üzür”.

“Report” xəbər verir ki, bunu səhmdar cəmiyyətinə məxsus Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Vüqar Sadıqov bildirib.

O, həmçinin deyib ki, Azərbaycan gəmiləri xarici sularda başqa dövlətin bayrağı ilə üzmür: “Bir sıra ölkələr icazə verir ki, gəmiçilik şirkətləri cüzi məbləğ ödəməklə onun bayrağı altında üzsün. Bu, şirkətlərin xərclərini azaltsa da, hər hansı hadisə zamanı gəminin təhlükəsiziyini sual altına salır. Başqa xalqlardan fərqli olaraq, bizim bayrağımıza münasibətimiz fəqlidir. Ona görə də bizim mövqeyimiz qətidir və hazırda xarici sularda üzən Azərbaycan gəmilərinin hamısı Azərbaycan bayrağı altında üzür”.