Avstraliya Putin, Şoyqu və Lavrovun ölkəyə girişinə qadağa qoyub

Avstraliya Rusiyanın Ukraynaya təcavüzünə görə Rusiya Prezidenti Vladimir Putin və ölkənin digər yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Avstraliya Baş naziri Skott Morrisonun administrasiyası məlumat yayıb.

Siyahıya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsev daxildir. Onların hamısı ölkənin Təhlükəsizlik Şurasının üzvləridir və qurumun Luqansk və Donetsk “respublika”larının müstəqilliyinin tanınması məsələsi ilə bağlı açıq iclasında iştirak ediblər.

Tədbirlərə Avstraliyaya səyahət qadağası və məqsədyönlü maliyyə sanksiyaları daxildir.

“Avstraliya Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etmək üçün müttəfiqləri və həmfikir ölkələrlə işləməyə davam edəcək”, – S.Morrison vurğulayıb.

O xatırladıb ki, hazırda oliqarxlar, deputatlar və hərbçilər də daxil olmaqla 350-dən çox rusiyalı məhdudiyyətlər altındadır. Bundan başqa, rəsmi Kanberra Belarusun müdafiə naziri Viktor Xrenin də daxil olmaqla Belarusun 13 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

S.Morrison əlavə edib ki, Avstraliya Avropa İttifaqı və ABŞ-ın elan etdiyi tədbirləri, o cümlədən Rusiya Mərkəzi Bankına qarşı məhdudiyyətləri və bir sıra maliyyə institutlarının SWIFT-dən ayrılmasını dəstəkləyir.