İsmayıllıda atları kəsib, Bakıda satmaq istədi

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində yaşadığı ünvanda qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini Rüstəm Həmzəyevin yaşadığı ünvana baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan dörd baş ata məxsus ət, eləcə də həmin atların başları aşkarlanıb. Ev sahibi ifadəsində həmin ətləri sümükdən ayıraraq Bakı şəhərində satmaq məqsədində olduğunu bildirib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ətlərdən müvafiq nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.

Faktla bağlı təhqiqat araşdırmaları aparılır.