BMT Baş katibi Ukrayna üzrə humanitar koordinator təyin edib

BMT-nin Baş katibi Antoniu Quterreş Amin Avadı beynəlxalq təşkilatın Ukrayna ətrafındakı vəziyyət üzrə böhran koordinatoru təyin edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Ukraynada humanitar ehtiyaclar hər saat artır. Mülki əhali ölür. Azı 100 min ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb”, – BMT-nin Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının iclasından sonra deyib.

“Cavabımızı gücləndirmək üçün bu gün mən Amin Avadın BMT-nin Ukrayna üzrə Böhran Koordinatoru təyin olunduğunu elan edirəm”, – o əlavə edib. Təşkilat rəhbərinin sözlərinə görə, Avad təmas xəttinin hər iki tərəfində humanitar reaksiya da daxil olmaqla BMT-nin fəaliyyətini koordinasiya edəcək.

Baş katibin mətbuat xidməti tərəfindən yayılan bəyanatında vurğulanır ki, Avad müxtəlif vaxtlarda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Aparatında bir sıra vəzifələrdə çalışıb. Xüsusilə, o, BMT Komissarlığın Yaxın Şərq və Şimali Afrikadakı ofisinin rəhbəri, həmçinin fövqəladə hallar, təhlükəsizlik və təchizat şöbəsinin direktoru olub.