Angela Merkel supermarketdə pulqabısını oğurlatdı

Almaniyanın keçmiş kansleri Angela Merkel Berlində alış-veriş edərkən pulqabısını oğurladıb.

Modern.az xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, cümə axşamı, fevralın 25-i səhər Merkel oğurluğun baş verdiyi Şarlottenburq rayonunda yerləşən supermarketə gedib.

Polis qurbanın adını çəkmədən yalnız “67 yaşlı qadın”dan oğurluqla bağlı ifadə aldığını təsdiqləyib. Pulqabıda şəxsiyyət vəsiqəsi, debet kartı, sürücülük vəsiqəsi və nağd pul olub. Merkelin ofisi hər hansı şərh verməkdən imtina edib.

Alış-veriş zamanı keçmiş kansleri ən azı bir mühafizəçisi müşayiət edib. Polis cinayətlə bağlı araşdırma aparır. “Bild” qəzetinin yazdığına görə, Merkelin pul kisəsi ərzaq arabasına asılmış çantada olub.

Merkel Almaniya hökumətinin başçısı olarkən də həmişə alış-verişə özü gedirdi. 2021-ci il seçkilərindən sonra Merkel böyük siyasətdən getməyə qərar verdi. O, 16 il Almaniyanın kansleri oldu.