Paşinyan anons verdi – Ermənistanın peşəkar ordusu olacaq

“Ermənistan Respublikasının peşəkar ordusu olacaq və hökumət gələcək təhlükəsizlik mühitimizin qurulması istiqamətində nikbinliklə silahlanmış, şübhəsiz və bədbinlik olmadan bu işi yorulmadan həyata keçirəcək. Döyüş qabiliyyətinin, silahlanma səviyyəsinin, orduda xidmət şəraitinin artırılması bizim prioritet vəzifəmizdir”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin 30 illiyi münasibətilə orduya təbrik məktubunda bildirib.

Paşinyan deyib ki, 2018-ci ildən etibarən Ermənistan Respublikası hökuməti hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması prosesinə başlayıb və bu proses davamlı olacaq.

“Ermənistan Respublikasının hər bir əsgəri və zabiti dövlətin dəstəyini hiss etməlidir, biz bu məsələdə ardıcıl olacağıq. Hərbi və zabit xidməti cəmiyyətə xüsusi hörmət məsələsi olmalıdır ki, bu da hərbi qulluqçular və onların ailə üzvləri üçün xüsusi sosial təminatlar sistemində öz əksini tapmalıdır.

Eyni zamanda, xidmətin qiymətləndirilməsi standartları – intellektual, peşəkar, fiziki və psixoloji hazırlıq yüksəldilməli, orduya ictimai hörmət bu məqamlar üzərində qurulmalıdır”.