Rusiya bir neçə günə Ukraynaya hücum edəcək — Britaniya kəşfiyyatından şok idda

“Ukraynada müharibə qaçılmazdır. Bir neçə gün sonra Rusiya işğalını gözləyirik”. 

Publika.az xəbər verir ki, bu iddia ilə İngiltərə İcmalar Palatasının müdafiə komitəsinin sədri Tobias Ellvud çıxış edib.

Komitə sədri qeyd edib ki, Britaniya kəşfiyyat mənbələri rusların Ukraynaya daxil olmasına haqq qazandırmaq üçün Vladimir Putinin öz qüvvələrinə qarşı gizli hücum əmri verə biləcəyini iddia edib.

“Qorxuram ki, Rusiya qüvvələrinin işğalı qaçılmazdır və çox yaxındır. Biz də buna imkan veririk. Putinin işğal barədə iki dəfə düşünməsi üçün Ukraynaya kifayət qədər hərbi texnika və şəxsi heyət yerləşdirmək imkanımız var idi, lakin bunu edə bilmədik. Gələn həftə nə edəcəyini yalnız Vladimir Putin bilir, növbəti həftə çox vacib görünür” —  T.Ellvud qeyd edib.

O iddia edib ki, Putin özünü küncə sıxışdırıb və NATO onun təhdidlərinə boyun əyməkdən imtina etdikdən sonra onun yalnız bir seçimi qalır.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin ötən gün yayımladığı görüntülərdə Moskvanın uzun məsafəli dislokasiya təlimi üçün qatarlara yüklənmiş zirehli və digər hərbi texnikaları əks olunub. Amerikalı hərbi analitik Rob Li bunu “Bu, yəqin ki, Ukraynaya doğru hərəkət edən bölmələri ört-basdır edir” – deyə şərh edib.

Bundan əlavə, son günlər sərhəddə olan qoşunlarla birlikdə bölgəyə daha çox Rusiya təyyarəsinin gəldiyi, hərbi hospitalın qurulduğu bildirilib. Bu vəziyyətin quruda hücumun göstəricisi olduğu iddia edilir. Bununla yanaşı, ABŞ Rusiyanın Ukraynanı qarışdırmaq üçün təxribat edəcəyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu bildirib.