Saakaşvili hakimi saymadı: Sən heç kimsən! — Video

Yanvarın 13-də Tiflis şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qanunsuz sərhədi keçməsi işi ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.

Axar.az xəbər verir ki, Saakaşvilinin özü də məhkəmədə iştirak edib. O, cəza çəkdiyi Rustavi türməsindən məhkəmə zalına gətirilib.

Saakaşvilinin məhkəmədə çıxışı zamanı hakimə saymazyana davranması diqqət çəkib.

Hakimin iradına isə sabiq prezident belə cavab verib:

“Kimə müraciət edəcəyimlə bağlı özüm qərar verəcəyəm. Mən necə kosmonavtamsa, siz də elə hakimsiniz. Gürcü xalqına müraciət edirəm. Nöqtə! Mənim üçün heç kimsən!”

Bundan əlavə, Saakaşvili çıxışında prezidentliyi dövründə xidmətlərindən bəhs edib, hazırki Gürcüstan hakimiyyətinin ünvanına tənqidlər səsləndirib, həmçinin sosial həyat şərtlərinin bahalaşmasından danışıb.

Saakaşvili nevroloji problemlərinin olmasını da məhkəmədə dilə gətirib.

Qeyd edək ki, iclas məhkəmə binasının qarşısına toplaşan Saakaşvili tərəfdarlarının nümayişi fonunda baş tutub.