NATO yenə Ukrayna ilə bağlı Rusiyaya xəbərdarlıq edib

“Ukrayna bizim çox dəyərli tərəfdaşımızdır, lakin NATO müttəfiqi deyil”.

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

 

Baş katib bildirib ki, NATO Ukraynaya bu ölkənin fundamental hüququ olan özünümüdafiə sahəsində kömək edir: “Biz, xüsusən də ABŞ, Böyük Britaniya və Türkiyə avadanlıq və təlim sahəsində dəstək verir. Lakin Kiyev NATO-nun müttəfiqi deyil. NATO-da müttəfiqləri müdafiə etmək öhdəliyi yalnız bloka üzv ölkələr üçün keçərlidir. Rusiya Ukraynaya qarşı yenidən güc tətbiq etsə, bu, strateji səhv olacaq və siyasi, iqtisadi və maliyyə sanksiyaları baxımından Rusiya ciddi nəticələrlə üzləşəcək. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bilirik ki, Kiyev 2014-cü illə müqayisədə indi özünü müdafiə etmək iqtidarındadır. Onun qüvvələri daha yaxşı hazırlanıb və daha yaxşı təchiz olunub. Təbii ki, bu sahədə nə lazımdırsa edəcəyik. Yenə qeyd edirəm ki, müdafiə öhdəliyi və müttəfiqləri qorumaq NATO üzvlərinə aiddir. Ukrayna məsələsində nəticələrin yeni iqtisadi sanksiyalar olacağını və bu ölkəyə dəstəyimizi verəcəyimizi bəyan etmişik”.