Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi təhqiqata cəlb edildi

İsmayıllı rayonundakı körpələr evi-uşaq bağçasında tərbiyəçi azyaşlıya şiddət göstərib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, hadisə təxminən bir həftə əvvəl, İsmayıllının Aşağıbaş kənd bağçasında baş verib. Uşağın başına vuran tərbiyəçi işdən çıxarılıb. “Uşağı vuran tərbiyəçinin azyaşlının qohumu olduğu bildirilir. Ailə şikayət etməsə belə körpəyə qarşı şiddət edən cəzalandırılmalıdır”,- Ağazadə deyib.

Bir neçə QHT azyaşlının döyülməsi ilə bağlı Çevik Ekspertlər Qrupu adından Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib.

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov isə bildirib ki, məsələ nazirlik tərəfindən nəzarətə götürülüb. Araşdırmaların nəticələri ictimaiyyətə açıqlanacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də araşdırmalara başladıb.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. “Üç yaşlı usağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var”, — Hacıyev deyib.

Qeyd edək ki, qadın uşağın şəklini çəkmək istəyib. Buna görə də azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da tərbiyəçinin dediklərini anlamır və şirniyyatı yeyir. Tərbiyəçi isə onun başına zərbə endirib. Uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək varkən çəkilmiş fotoları yerləşdirilib. Sosial şəbəkə iştirakçıları tərbiyəçinin həbs olunmasını tələb edirlər.

virtualaz.org