31 il əvvəl Litvada öldürülənlərin yaxınları Qorbaçovu məhkəməyə verdi

1991-ci ilin yanvar hadisələri zamanı Vilnüsdə həlak olan 4 nəfərin qohumu o vaxt SSRİ prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmuş Mixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırıb. AzVision.az xəbər verir ki, bu barədə ölkənin milli radiosu “LRT” məlumat yayıb.

Vilnüs Şəhər Dairə Məhkəməsinə təqdim edilən mülki iddiada sübut var ki, Ali Baş Komandan kimi Qorbaçov 1991-ci ilin yanvarında orduya nəzarət edirdi, lakin hərbçilərin aqressiv hərəkətlərini dayandırmaq üçün heç bir iş görmədi, — iddiada deyilir.

Məhkəməyə müraciət edənlər Qorbaçovu yaxınlarının ölümünə görə məsuliyyət daşımasını istəyirlər.

Cümə axşamı Litvada 1991-ci il yanvarın 13-də baş vermiş faciəvi hadisələrin qurbanları yad edilir. Həmin hadisələr zamanı Vilnüsdə 14 nəfər həlak olub. Litva tərəfi dinc əhalinin ölümündə sovet hərbçilərini və SSRİ-nin siyasi rəhbərliyini günahlandırıb. 2016-cı ildə yanvar hadisələri ilə bağlı iş məhkəməyə verilib. Məhkəmənin bir neçə dəfə şahid qismində SSRİ-nin eks-prezidenti Qorbaçovu prosesə çağırmaq cəhdi uğursuz olub.