Nazirlik jurnalistlərə təlim keçəcək

Bu gün Kənd Təsərrüfatı Nazirliyi ilin yekunları, dünya taxıl bazarında bahalaşmanın səbəbləri, taxıl bazarının və qiymətlərin konyukturu, Azərbaycanda taxıl istehsalı, taxılla özünü təminat səviyyəsi, özünütəminatın dünya bazarındakı qiymətlərlə əlaqəsi, qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri və digər mövzularda media nümayəndələri üçün təlim və məlumatlandırma sessiyası keçirəcək.

 

Modern.az xəbər verir ki, məlumatlandırma sessiyası Gəncə şəhərində baş tutacaq.

 

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qeyd olunan mövzularda məlumatlandırma aparıb, təlim keçəcəklər.

 

Gəncəyə səfər çərçivəsində təlim iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetinin kampüsü və universitetdə qış imtahan sessiyasının gedişi ilə tanış olacaqlar. Bundan əlavə, jurnalistlər Biotexnologiya Mərkəzinə, təcrübə tədris təsərrüfatına, Respublika Süni Mayalanma Mərkəzinə baş çəkəcək, ölkəyə gətirilmiş yeni heyvan cinsləri ilə tanış olacaqlar.