Cənubi Koreya KXDR-in sınaqdan keçirdiyi yeni raketi vurmaq imkanına malikdir

Koreya Respublikası KXDR-in bu yaxında sınaqdan keçirdiyi raketi vurmaq üçün bütün imkanlara malikdir.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bu Sın Çan jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “Cənubi Koreyanın silahlı qüvvələri bu raketi aşkar etməklə yanaşı, onu vurmaq imkanına da malikdir”, — deyə Bu Sın Çan bildirib.

Xatırladaq ki, yanvarın 11-də yerli vaxtla səhər saat 07:27-də KXDR-in daxili rayonlarından birindən Yapon dənizi istiqamətində ballistik raket buraxılıb. Sürəti saatda 12 min kilometri ötən raket 700 kilometrdən çox məsafə qət edib. Onun uçuş hündürlüyü ən yüksək nöqtəsində 60 kilometrə çatıb. Koreya Respublikasının qərargah rəisləri komitəsi raketin Şimali Koreya qoşunlarının qış təlimləri çərçivəsində atıldığını ehtimal edir.