Rusiya sülhməramlıları Qarabağda təlim keçib

Qarabağdakı Rusiya sülhməramlıları müasir rabitə vasitələri və BTR-82A zirehli transportyorlarından istifadə etməklə müşahidə məntəqələrində müntəzəm təhlükəsizlik təlimi keçirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib.

Qeyd olunur ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

“Müşahidə məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən təlim zamanı sülhməramlılar Əsgəran, Ağdərə və Xocavənd rayonlarında təxribat xarakterli hərəkətlərin qarşısının alınması, şərti hücumun dəf edilməsi və müxtəlif fövqəladə halların yaranması məsələlərini işləyiblər”.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, mövcud vəziyyətə nəzarət etmək üçün bütün müşahidə məntəqələri müasir videomüşahidə kameraları ilə təchiz olunub.