İrəvan sərhəddəki təxribatla Moskvaya nota göndərir

Dünən günün ikinci yarısında Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində  Ermənistan silahlı birləşmələri təxribat törədib. Ermənistanın təxribatı sərhəddə vəziyyəti gərginləşdirib. Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Nəzərov Ayaz Azər oğlu şəhid olub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.

 

Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

 

Maraqlıdır, Ermənistanın törətdiyi təxribatlara cavab olaraq Azərbaycan antiterror əməliyyatı keçirə bilərmi?

 

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni Modern.az-a şərh edib.

 

O bildirib ki, biz elə addım atmalıyıq ki, 4 il sonra rusiyalı hərbçilər bölgəni tərk etsin:

 

“Baş vermiş insident sərhəddə olub. Azərbaycan Ordusu bunun cavabını artıqlaması ilə verib. Ermənistan istiqamətində bizi antiterror əməliyyatı keçirməyimizə ehtiyac yoxdur. Bizim əsas məsələ orada sərhədlərimizi müəyyənləşdirməkdir. Antiterror əməliyyatını Qarabağın içində keçirməyə ehtiyac ola bilər. Biz bunu həyata keçirməliyik, çünki orda hələ də əlisilahlı erməni separatçıları var.

 

Bundan əlavə,  biz elə etməliyik ki, 4 ildən sonra rusiyalı hərbçilər bölgəni tərk etsin. Yəni aniterror əməliyyatları olacaqsa, Qarabağ daxilində olacaq. Ermənistanla məsələ sərhəddin müəyyənləşməsi ilə kifayətlənəcək”.

 

Politoloq Ermənistanın törətdiyi təxribatlarda bir tərəfdən Qazaxıstandakı məsələlərin də təsiri olduğunu vurğulayıb:

 

Ermənistan təxribat törətməklə Moskvaya demək istəyir ki…

 

“Təxribatların digər səbəbi Qazaxıstanda olan məsələdir. Yəni Ermənistan Qazaxıstandakı olaylardan həvəslənib. Ermənistan Qazaxıstana hərbçilərini göndərdi. Bilərəkdən Azərbaycan istiqamətində təxribatlar törədir ki, Moskvaya bir neçə nota göndərsin. Ermənistan təxribatla Moskvaya “Mən sizin istəyinizlə Qazaxıstana hərbçilər göndərdim, indi siz də mənə kömək etməklə öz qoşunlarınızı bura göndərin” demək istəyir. Təxribatın məqsədi də budur.

 

Eyni zamanda, dünən biz Ermənistanın iki postunu darmadağın etdik, amma Rusiyada heç bir reaksiya olmadı və ola da bilməz. Çünki Rusiya Azərbaycanla münasibətləri gərginləşdirmək istəməz.

 

Digər tərəfdən də Rusiyanın köməyi olmadığı halda erməni cəmiyyəti Paşinyana qarşı çönəcək. Çünki deyəcəklər ki, «sən burdan Qazaxıstana hərbçilər göndərdin, amma indi sənə heç kim kömək etmir».

 

Ermənistan yalandan saxta məsələləri gündəmə gətirir Guya bunlar da Qazaxıstanda olduğu kimi beynəlxalq terrorçulara qarşı savaşıblar. Amma Rusiya və digər dövlətlər bu məsələlərə qarışa bilməz”.