«Azərişıq»ın əməkdaşı iş başında öldü

Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağsu rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla Xəyal Şərifovun Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində öldüyü müəyyənləşib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.