Azərbaycan və Səudiyyə Ərəbistanının baş prokurorları arasında görüş keçirilib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Səud Abdulla Əlşərif arasında ikitərəfli görüş keçirilib.

Baş Prokurorluqdan LAF TV.az-a verilən məlumata görə, K.Əliyev dövlətlərimiz arasında bütün sahələrdə münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayaraq, bu sahədə dövlət başçıları cənab İlham Əliyev və Kral Salman bin Əbdül-Əziz Əl Səudun misilsiz xidmətlərini qeyd edib.

Baş prokuror müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.

Krallığın Baş prokuroru ölkəmizi möhtəşəm qələbə münasibətilə təbrik edərək Azərbaycanın ərazi bütövlüyünün bərpasını bütövlükdə müsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli maraq kəsb edən bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlıq perspektivlərinə, o cümlədən prokurorluqlarımız arasında əməkdaşlıq sənədinin imzalanmasına dair fikir mübadiləsi aparılıb.