ATƏT Ermənistanla Azərbaycana çağırış etdi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistanı sərhəddə güc tətbiq etməkdən çəkinməyə və Qarabağ münaqişəsinin həlli üçün dialoqa getməyə çağırır.

Modern.az xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat katibi Zbiqnev Rau, Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Biz Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə, Qarabağ münaqişəsinin həlli üçün dialoqa getməyə çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regional sülhün, davamlı inkişafın və regional inkişafın təşviqi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir. Bu baxımdan biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyəcəyik”, — deyə Bartoş Kempinski bildirib.

Xatırladaq ki, dünən günün ikinci yarısında Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində  Ermənistan silahlı birləşmələri təxribat törədib.

Ermənistanın təxribatı sərhəddə vəziyyəti gərginləşdirib.

Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.

Ermənistan Müdafiə Nazirliyi 3 əsgərinin öldüyünü, bir neçəsinin yaralandığını təsdiqləyib.