İsveçdə dezinformasiya ilə mübarizə üçün dövlət agentliyi yaradılıb

İsveçdə Psixoloji Müdafiə Agentliyi adlı yeni dövlət qurumu yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifə cəmiyyəti dezinformasiyalardan, psixoloji müharibədən qorumaq, ictimai rəyi bilərəkdən çaşdırmağa yönəlmiş kampaniyaların qarşısını almaqla demokratiyanı, ifadə azadlığı hüququnu müdafiə etməkdır.

Novator.az-ın məlumatına görə, “The Telegraph” qəzeti yazır ki, dezinformasiya, psixoloji müharibə yeni problemlər deyil, amma internet əsrində bu problemlərlə mübarizə aparmaq, onlayn dezinformasiya kampaniyalarının mənbəyini aşkarlamaq xeyli çətinləşib. Ona görə də İsveç dövləti dezinformasiyaları üzə çıxarmaq, cəmiyyəti zərərli təbliğatdan qorumaq üçün ayrıca agentlik yaratmaq qərarına gəlib.

Psixoloji Müdafiə Agentliyinə diplomat Henrik Landerholm rəhbər təyin olunub.

İsveç radiosuna müsahibəsində Landerholm deyib ki, onun ölkəsinə qarşı yönəlmiş əsas dezinformasiya kampaniyalarının arxasında qeyri-demokratik ölkələr – Rusiya, Çin və İran dayanır.

Rusiyanın 2020-ci ildə ABŞ-da keçirilmiş prezident seçkisinə dezinformasiyalarla müdaxiləyə cəhd göstərdiyini bildirən Henrik Landerholm qeyd edib ki, oxşar cəhdlər son zamanlar İsveçdəki seçkilərdə də qeydə alınıb. Buna görə də Landerholm dezinformasiya kampaniyalarına qarşı mübarizə işini dövlətin koordinasiya etməsinə zərurət yarandığını vurğulayıb.

Yeni agentlik məmurlara dezinformasiyaya düzgün reaksiya vermək, sosial şəbəkələrdə effektiv iş aparmaq, saxta məlumatların qarşısını almaq üçün jurnalistlərlə effektiv əlaqələr qurmaq yollarını da öyrədəcək.

Henrik Landerholm Psixoloji Müdafiə Agentliyinin iş metodunun ölkənin dezinformasiyaya qarşı əvvəlki dövrlərdə reallaşdırdığı mübarizə tədbirlərindən fərqlənəcəyini söyləyib. O deyib ki, soyuq müharibə dövründən fərqli olaraq indi əsas diqqət ölkədə fikir azadlığının müdafiəsinə yönəldiləcək.

Henrik Landerholm avtoritar rejimlərin dezinformasiyalarla demokratik ölkələrdə həqiqi ictimai rəyi azdırmağa çalışdığını deyib, buna görə də dezinformasiya əleyhinə mübarizəni demokratiyanın, ifadə azadlığının, həqiqi ictimai rəyin müdafiəsinə yönəlmiş mübarizə kimi qiymətləndirib.