Amerikalı məhşur milyonçu həbsdə öldü

Amerikalı milyonçu Robert Durst 78 yaşında Kaliforniyanın Stokton şəhərindəki xəstəxanada vəfat edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Çip Lyuis məlumat yayıb.

Durstun ölümünə ürək dayanmasının səbəb olduğu bildirilib. O, müayinə üçün həbsxanadan aparıldığı San Xoakin xəstəxanasında vəfat edib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında andçılar heyəti üç günlük müzakirədən sonra milyonçunu 2000-ci ildə yaxın tanışı Syuzan Bermanın qətlində təqsirli bilib. O, ömürlük həbs cəzasına məhkum edilib.

 

Daha sonra milyonçu koronavirusa yoluxub və süni nəfəs aparatına qoşulub. Oktyabr ayında Nyu York Ştat Prokurorluğu Darstı həyat yoldaşının qətlində ittiham etib.

2015-ci ildə “The Jinx: The Life and Deaths of Robert Durst” adlı sənədli filmin çəkilişləri zamanı o, təsadüfən bir neçə qətli törətdiyini söyləyib.

 

Belə ki, mikrofonu çıxarmadan vanna otağına keçən iş adamı heç kimin onu eşitmədiyini düşünərək, qətlləri ucadan etiraf edib. Həmin ilin mart ayında Durst Luiziana ştatının Nyu Orlean şəhərində həbs olunub.

 

Uzun illər o, Bermanı kimin öldürdüyü və həyat yoldaşının başına nə gəldiyini bilmədiyini söyləyib.

 

Xatırladaq ki, onun babası Cozef Darst «Durst Organization» şirkətinin qurucusu olub. «Forbes»ə görə ailənin sərvəti 8 milyard dollardan çoxdur.