AMEA: Ağdamda deqradasiya olunmuş torpaqlar 35 faiz artıb

2016-2021-ci illərdə Ağdam rayonunun torpaq örtüyündə nəzərəçarpacaq dəyişikliklər baş verib.

APA-nın məlumatına görə, bu barədə AMEA-nın “Həyat və biotəbabət haqqında elm” (Journal of Life Sciences and Biomedicine) jurnalında Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri Səid Səfərovun “Mapping of LC/LU changes inside the Aghdam district of the Karabakh economics region applying object-based satellite image analysis” (“Qarabağ iqtisadi rayonunun torpaq örtüyü və torpaqdan istifadədə dəyişikliklərin Ağdam rayonu daxilində peyk şəkillərinin obyekt yönümlü təhlili əsasında xəritələşdirilməsi”) adlı məqaləsində bildirilib.

Qeyd olunub ki, bitki örtüyü əhəmiyyətli dərəcədə azalıb (10,2%), kənd təsərrüfatı üçün yararsız sahələr artıb (11,8%) . Ən yaxın qonşu təsnifatı metodu (NNC) əsasında torpaqdan istifadə üzrə bir sıra neqativ dəyişikliklər aşkar edilib. Belə ki, meşə və otlaq sahələri 9,8% azalıb, deqradasiya olunmuş torpaq sahələri 35%-ə qədər, qeyri-münbit torpaq sahələri isə 4,4%-ə qədər artıb.

Vurğulanıb ki, səlahiyyətli orqanların bərpa və layihə işlərinə başlamaq haqqında qərar vermələrindən əvvəl işğaldan azad edilmiş rayonların hazırkı vəziyyətinin hərtərəfli analizi və xəritələşdirilməsi coğrafiyaçıların, ekoloqların və uzaqdan alqılama mütəxəssislərinin ən təxirəsalınmaz vəzifəsinə çevrilməlidir.