Tokayev Qazaxıstandakı hadisələri dövlət çevrilişinə cəhd adlandırıb

“Qazaxıstanda baş verənlər dövlət çevrilişinə cəhddir. Terrorçuların əsas məqsədi hakimiyyəti qəsb etmək olub”.

“Report” xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən sammitində söyləyib.

Qazaxıstanın müstəqillik tarixinin ən ağır böhranından keçdiyini vurğulayan dövlət başçısı Rusiya və Belarus prezidentlərinə yardıma görə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2,3 min sülhməramlısı yerləşdirilib:

“Terrorçular Qazaxıstan Prezidentinin iqamətgahını ələ keçirmək planlarından KTMT-nin gəlişini biləndən sonra vaz keçiblər. Böyük çaqqal sürüsü Almatı üzərinə gedib. Bu, Almatı faciəsi olaraq tarixə düşəcək”.

Dövlət başçısı həmçinin dinc etirazçılara qarşı gücün tətbiq olunmasını dezinformasiya adlandırıb.