Ombudsman Aparatının loqotipi dəyişdirilir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı təsisatın loqotip dizaynının hazırlanması üzrə müsabiqə elan edib.

Bu barədə «Report»a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycanın dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilib. İnsan hüquq və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2002-ci ildən fəaliyyət göstərir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının loqotip dizaynının hazırlanması üzrə müsabiqə iştirakçıları təklifləri ilə bağlı aşağıdakı müsabiqə şərtlərini nəzərə almalıdırlar:

— Bir iştirakçı tərəfindən müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən 2 (iki) ədəd dizayn nümunəsi təqdim oluna bilər.

— İştirakçılar tərəfindən müsabiqəyə təqdim edilən loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s.) 200 sözdən artıq olmamaq şərtilə verilməlidir.

— Müraciət mətninə müəllifin tam adı, ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi daxil edilməlidir.

— 21 fevral 2022-ci il saat 18:00-dək işlərin eskiz layihəsi (vektor qrafikasında olmaqla) elektron məlumat daşıyıcısında Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət evi, II Alaqapı ünvanına təqdim olunmalı, eyni zamanda JPG formatlı fayl şəklində (ölçüsü minimum 1280×960 olmaqla) info@ombudsman.az elektron ünvanına göndərilməlidir.

— Qalib loqotip dizaynının müəllifi və fərqlənən iştirakçılar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən fəxri fərmanla təltif ediləcəklər. Qalib üçün müəyyənləşdirilmiş mükafat fondu 700 AZN təşkil edir.

— Loqotip müsabiqəsinə təqdim olunan işlər üzrə hüquqlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına aiddir və ictimai şəkildə sərgilənə bilər.

— Müsabiqə iştirakçılarına əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşmaları və bununla bağlı qanunvericiliyin tələblərinə riayət etmələri tövsiyə olunur.