29 illik ayrılığın adı- Şuşa! Afət Telmanqızı yazır.

29 il nə ünümüz çatdı, nə əlimiz.Şuşasız keçdi günlərimiz. Şuşasız böyüdü Şuşalılar. Şuşasız köç etdi Şuşalılar. Xatirələrdə yaşadıldı. Yuxulara gəldi. Düz 29 il. Çox oldu. Neçə yay, neçə qış keçdì. İllər illəri əvəzlədì. Amma gec olsa da yuxular çin oldu.

Nəhayət 29 ildən sonra Şuşaya getdik. Qarabağın döyünən ürəyi olan Şuşanı görəcəyimi düşündükcə, ürək döyüntülərimì özüm eşidirdim. Bircə yollar tez bitsəydi. Tez Şuşaya çatsaydıq fikirləri, oralar görəsən necədir? orda hava necədir? sualları. Medianın İnkişafı Agentliyinin biz jurnalistlərə yaratdığı Şuşanı görmək fürsətini taleyimə yazılan yazı sandım. Şükür bu günə! Şükür bizi Şuşamızla qovuşdurana deyib, gözlərimi yola dikdim. Nə vaxt çatacağıq Şuşaya? suallarını verə-verə vaxtı qovmaq istədim. Sanki vaxt da donmusdu o gün. Vaxt da getmirdì. Nəhayət çatdıq. Şuşaya ayağım dəyən an torpaqdan sanki güc aldım. Yuxusuzluq, yol boyu keçirdiyim həyəcan narahatlıq o anda yox oldu.

Salam Şuşa! Salam

qanı, canı bahasına Şuşamızı bizə qaytaran igidlərimizin ruhu! Salam əsgər! Salam Çıdır düzü! Havasını acgözlüklə içìmə çəkdim. İlahi, necə gözəl havası var Şuşamızın? Havasına, daşına, torpağına həsrət qaldığımız Şuşada ilk ziyarət yerimiz Cıdır düzü oldu. Bu gözəl məkanı, yallı musiqisinin sədalarına qərq etdik. Ayağımızı torpağımıza bərk basıb, yallı getdik. Musiqi beşiyi olan Şuşa, 29 ildən sonra doğma insanların səsini eşidir. Şuşa da sevinirdi. Axı illərdir ki, doğmalarını görmürdü. İllərdir ki, onlardan ayrı qalmışdı. İndi Ana kimi övladlarına qucaq açmışdı. Onları qoynuna almışdı. Cıdır düzündən Xankəndinə, Xocalıya boylandıq. Yuxarı Gövhər Ağa məscidində dua etdik. Xankəndimiz üçün! Xocalımız üçün! Hələ də doğmalarının yolunu gözləyən, hələlik bizə qayıtmayan digər torpaqlarımız üçün idi dualarımız. Tezliklə bu torpaqlarımıza ayaq basacagımıza inanırıq. Necə ki, hər dəfə kadrlarda gördüyüm Şuşa qalasını gerçəkdən görəcəyimə heç vaxt inamımı itirmədim. Şuşa qalasına da getdik. Onun yaxınlığında olan Şuşa həbsxanasının yanından da ötduk. İllərdir neçə-neçə azərbaycanlının saxlandığı, işgəncə verildiyi bu həbsxananı görəndə, Dilqəmi, Şahbazi xatırladım. Kimlərsə, bu həbsxananın muzey kimi saxlanmasını istəsə də mən bu həbsxananın uçurulmasını istəyirəm. Çünki bu həbsxana divarlarına minlərlə oğul, qızımızın fəryadı, naləsi hopub. Mənim isə yaddaşıma hopan Şuşadakı güllələnən divarlar, dağıdılmış binalar, Şuşanı azad edən igidlərimizin divara yazdığı adlar, Şuşanın kücələrı, qayaları, gözəlliyi və Şuşa çörəyinin ətri oldu. Şuşanın ətri oldu. Əziz Şuşa bir neçə saatlıq müsafìrin olduq. Səndən doymadıq. Səninlə yaxından tanış ola bilmədim. Amma təsəvvürüm oldu. Salamat qal Şuşam! Biz yenə görüşəcəyik!