Zahid Oruc: «“Qarakənd terroru 30 noyabr qəzası ilə eyniləşdirilə bilməz”»

“Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli vertolyot qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışında deyib.
Onun sözlərinə görə, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırır: “Çünki hərbi Zəfərimiz Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub. Soçi və Aşqabad görüşü, Türkmən qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, vertolyot qəzasının səbəbləri kimi göstərilə bilməz.

Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil. Min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər”.

Z.Oruc deyib ki, qəzasonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları koordinasiyalı hərəkət ediblər, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar: “Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur”.