Səudiyyə Ərəbistanına atılan ballistik raket vurulub

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələri Səudiyyə Ərəbistanı ərazisini hədəf alan Husilərin ballistik raketinin vurulduğunu açıqlayıb.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi məlumat yayıb.

 

Agentlik koalisiya qüvvələrinə istinadən ölkənin cənub-qərbindəki Xamis Muşayt bölgəsini hədəf alan ballistik raketin Səudiyyə Ərəbistanının müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.

 

Açıqlamada Husilərin mülki şəxsləri hədəf alan hücumlarına sərt cavabın beynəlxalq hüquqa uyğun olduğu qeyd olunub.

 

Husilərdən məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

 

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.