Prokurorluq Ağsudakı qətllə bağlı məlumat yayıb

Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə LAF TV.az-a Ağsu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.