İran İsrailin Baş nazirinin BƏƏ-yə səfərini pisləyib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, İsrailin Baş naziri Naftali Bennettin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri regionun təhlükəsizliyinə zərbə vurur.

 

“Report” xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin saytındakı məlumatda deyilir.

 

«Xətibzadə İsrailin baş nazirinin BƏƏ-yə səfərini şərh edib. Onun sözlərinə görə, bu cür hərəkətlər regionun təhlükəsizliyinə xələl gətirir və İslam ümmətinin, region xalqlarının və ərəb ölkələrinin maraqlarına zidd həyata keçirilir», — rəsmi məlumatda qeyd edilir.

 

Qeyd edək ki, İsrailin Baş naziri Naftali Bennet dekabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfər edib.

 

O, BƏƏ-nin paytaxtı Əbu-Dabinin vəliəhdi ilə danışıqların dərin, səmimi və mənalı olduğunu bildirib.

 

Xatırladaq ki, 2020-ci ildə bir sıra ərəb ölkələri ABŞ-ın o zamankı prezidenti Donald Trampın vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırmağa razılaşıb. İsrail, BƏƏ və Bəhreyn arasında sazişlərin imzalanması 15 sentyabr 2020-ci il tarixində Ağ Evdə baş tutub, səfirliklərin açılması barədə qərar qəbul edilib, ölkələr arasında birbaşa hava əlaqəsi yaradılıb, eyni zamanda hökumət üzvlərinin səfərləri başlanıb, turist səfərləri həyata keçirilib.

 

Sonradan bu ölkələrə Mərakeş və Sudan da qoşulub.