XİN başçısı Ceyhun Bayramov Finlandiya və Filippin səfirləri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul edib.

Bu barədə «Report»a XİN-dən məlumat verilib.

C.Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, iki ölkə arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd etdi. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olundu.

Səfir Kristi Narine Azərbaycan Respublikasının Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd etdi. O, həmçinin Milli Məclisdə Finlandiya ilə Dostluq Qrupunun üzvləri ilə keçirillən görüşə məmnunluqla istinad etdi. Səfir Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı oduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirdi.

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə etdilər.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

C.Bayramov və Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre arasında görüş baş tutub.

Səfiri salamlayan nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzu edib. Nazir Azərbaycan və Filippin arasında mövcud olan siyasi münasibətləri yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir xanım Maria Elena Alqabre, öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. Səfir ölkələr arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi, həmçinin Hərəkatın sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.