İrəvanda etiraz edənlər metronun işini iflic etdi

İrəvanda yeni etiraz aksiyaları başlayıb. Bu barədə Politik.am nəşri xəbər verir.

Bildirilir ki, aksiyanın təşəbbüskarları jurnalist Nairi Oxikyan, vəkil Ara Zohrabyan, keçmiş deputatlar Sofya Hovsepyan və Vazgen Petrosyan, və digər ictimai xadimlərdir.

Səhər saatlarından etibarən İrəvan metrosunda etirazçılar itaətsizlik aksiyası keçirirlər. Nəşr qeyd edir ki, bəzi stansiyalarda qatarların hərəkəti dayandırılıb.

Xatırladaq ki, aksiyalarda hüquq müdafiəçiləri, partiyaların üzvləri, eləcə də Ermənistan parlamentinin bir neçə deputatı iştirak edir. Onlar Nikol Paşinyan hökumətindən Azərbaycan-Ermənistan sərhədindəki son münaqişə ilə bağlı dolğun məlumat tələb edirlər.