Erməni ordusunda “dedovşina” — Əsgəri döyüb öldürənlər həbs edildi

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi (1992-ci il təvəllüdlü) Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi çərçivəsində onun iki hərbçi yoldaşı həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan bildirib.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi noyabrın 15-də Çəmbərəkdə (Qeqarkunik rayonu) insident baş verdiyini təsdiqləyib. İlkin məlumata görə, hərbçi silahla davranış qaydalarını pozduğu üçün yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Abramyanın qeyd etdiyi kimi, noyabrın 16-da hərbçilər A.S. və A.A. saxlanılıb. Birincisi Avetyana qarşı qəddar rəftar, onun ləyaqətini vaxtaşırı alçaltmaq, hərbi qulluqçular arasında nizamnamə münasibətləri qaydalarını pozmaq, döymək və fiziki ağrılar vermək, zor tətbiq etməklə intihara sövq etməkdə ittiham edilib. İkincisi isə hərbi qulluqçular arasında qanunla müəyyən edilmiş münasibətlər qaydasını pozma, müqavilə əsasında xidmət edən hərbi qulluqçunu döyüş postunda döyərək ona fiziki zor tətbiq etmə  maddəsi ilə ittiham olunub.

Hər iki hərbçi həbs edilib.