BMT öz əməkdaşlarının ailə üzvlərini Efiopiyadan təxliyə edir

BMT rəhbərliyi Afrika ölkəsində fəaliyyət göstərən xidmət və bölmələrinin əməkdaşlarının ailə üzvlərinin Efiopiyadan təcili təxliyəsi barədə göstəriş verib.

 

«Report» xəbər verir ki, bu barədə AFP BMT-nin daxili sənədinə istinadən məlumat yayıb.

 

Fərmanda deyilir ki, BMT-nin xaricdəki personalının bütün ailə üzvləri bu il noyabrın 25-dən gec olmayaraq Efiopiyanı tərk etməlidirlər.

 

Qeyd edək ki, Türkiyə və Fransa da daxil olmaqla bir neçə ölkə Efiopiyadakı vətəndaşlarını dərhal oranı tərk etməyə çağırıb.

 

«Somali Guardian» bildirib ki, Tıqray üsyançıları və onların müttəfiqləri Əddis-Əbəbəyə dörd istiqamətdən hücum edirlər. Hazırda Tıqray müdafiə qüvvələrinin əsas bölmələri paytaxtdan 200 km şimal-şərqdə yerləşir.

 

Efiopiyanın Baş naziri Abiy Əhməd, Əddis-Əbəbəyə hücuma rəhbərlik edən Tıqray üsyançılarına və onların müttəfiqlərinə qarşı döyüşlərdə şəxsən iştirak edəcəyini açıqlayıb. “Zaman xalqdan fədakarlıq tələb edir” deyən nazir bütün ölkə vətəndaşlarını üsyançılara qarşı vuruşanlara qoşulmağa çağırıb.