Ruslar təlaşda: “Türkiyə Rusiyanın 20 bölgəsini ilhaq etməyi planlaşdırır”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi türk dünyasının xəritəsi Rusiyanı narahat edib.

Teleqraf.com xəbər verir ki, xəritəni etirazla qarşılayan ruslar Türkiyənin Rusiyaya məxsus 20 bölgəni ilhaq etməyi planlaşdırdığını iddia edirlər.

Türkiyənin Maltəpə Universitetinin professoru Həsən Ünal Lenta.ru-ya açıqlamasında bu məsələyə aydınlıq gətirib. Professor bunun Rusiyaya qarşı yönəlmədiyini deyib.

Həsən Ünal xəritədə həm dövlətlərin, həm də türk xalqlarının yaşadığı ayrı-ayrı bölgələrin müxtəlif rənglərlə işarələnməsinə diqqət çəkib.

Onun sözlərinə görə, türk birliyi anlayışı dövlətlərin və regionların ilhaqını və ya birləşməsini nəzərdə tutmur: “Sadəcə olaraq, digər türk bölgələri və ölkələri ilə sıx münasibətlərin saxlanılmasına böyük əhəmiyyət verilir”.

Həsən Ünal bildirib ki, Türkiyədə Qərbin “soyuq müharibə” dövründə təbliğ etdiyi anti-Rusiya və pantürkist əhval-ruhiyyə yoxdur. O, Türkiyənin bu siyasətinin Moskvaya qarşı yönəlmədiyini göstərmək üçün Rusiyaya Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsinin mümkünlüyünə də diqqət çəkib.

Ötən həftə MHP lideri Türkiyə prezidentinə türk dünyasının xəritəsini hədiyyə edib. Bura Azərbaycan, Cənubi Kipr və Orta Asiyanın türk respublikaları ilə yanaşı, Rusiyanın 20-yə yaxın bölgəsi daxildir. Türk dünyasına Rusiyanın cənub bölgələri, o cümlədən Krım, Rostov vilayəti, Şimali Qafqazın bir hissəsi və Şərqi Sibir də aid edilib.

Məsələyə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov deyib ki, türk siyasətçiləri vaxtaşırı türk birliyi ideyasını təbliğ edirlər və bu, tamamilə normaldır. O, türk dünyasının mərkəzinin Rusiya ərazisində — Altayda yerləşdiyini bildirib.