Avropa Məhkəməsi Türkiyənin 427 hakim və prokurorunun şikayəti ilə bağlı qərarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 15 iyul 2016-cı il tarixli dövlət çevrilişi cəhdindən sonra Türkiyədə həbs olunmuş 400-dən çox hakim və prokurora 5 min avro ödənilməsi barədə qərar qəbul edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

İddiaçı qismində həmin vaxt müxtəlif instansiyalar üzrə hakim və prokuror vəzifəsində işləmiş 427 nəfər çıxış edib. İddiaçılar Türkiyədə qiyam təşkil etmək və din xadimi Fətullah Gülənin tərəfdarlarından ibarət “Fətullahçı terror təşkilatı”nın (FETO) üzvləri olmaq ittihamı ilə həbs olunublar.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgər və zabiti dövlət çevrilişi etməyə və Prezident Rəcəb Tayyib Ərdoğanı ələ keçirməyə cəhd göstəriblər. Hadisə nəticəsində qiyamçılar istisna olmaqla, 250 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.