Azərbaycan ərazilərini minalayan ermənilərin məhkəməsi başlayır

Ermənistan vətəndaşları Sarqsyan İşxan Aşoti və Rafaelyan Vladimir Otari barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

LAF TV.az-a xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumatda bildirir ki, qeyd olunan şəxslər dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, təxribat və digər cinayət əməllərinin törədilməsində təqsirləndirilir.

İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti, mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirmişlər.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanmış, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri «TM 62 – M» və «E-00-M» tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülmüşdür.

Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı noyabr ayının 23-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə mülki şəxslərin minaya düşmələri nəticəsində həlak olması və yaralanması hallarına baxmayaraq Ermənistan tərəfi ərazinin minalama xəritələrini tam təqdim etməməkdə, beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir.

Hazırda Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə minadan təmizləmə işləri aparır.