Belarus-Polşa sərhədindəki iraqlı miqrantların bir hissəsi ölkəsinə qaytarılır

Belarus-Polşa sərhədində toplaşmış iraqlı miqrantların bir hissəsini ölkəsinə qaytaran «Iraqi Airways» aviaşirkətinin təyyarəsi Minsk Milli Hava Limanından havaya qalxıb.

APA-nın TASS-a istinadın verdiyi xəbərinə görə, bu barədə hava limanının onlayn tablosundakı məlumatlarda qeyd olunub.

Qeyd edək ki, Belarus-Polşa sərhədinə toplaşmış İraq vətəndaşlarından 400-dən çoxu yaxın vaxtlarda vətəninə qayıtmaq arzusunda olduğunu bildirib.

İraqlı miqrantların Belarusdan vətəninə qayıdışı üçün ilk uçuş Minsk-Ərbil-Bağdad marşrutu üzrə həyata keçiriləcək.

Xatırladaq ki, İraqdan olan bir qrup miqrant xeyli müddətdir, Belarus-Polşa sərhədinə toplaşıb, onlar üçün burada çadırlar qurulub. Miqrantlar Polşaya keçmək istəsə də, rəsmi Varşava buna imkan vermir. Həm Belarus, həm də Polşa hərbçiləri ilə miqrantlar arasında toqquşmalar da qeydə alınıb.