Rus ekspertdən şok iddia

“Ölkəsində “satqın” adlandırılan Paşinyan öz xalqının qarşısına çıxıb, ermənilər bu əraziləri tərk etməli və Azərbaycana qaytarılmalıdır — deməyə cəsarəti çatmır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert qarşı tərəfin Ermənistan-Azərbaycan sərhədlərindəki son təxribatlarına münasibət bildirib:

“Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlər atəşkəs imzalanandan sonrakı bir ildə ən güclü qarşıdurma oldu. Rusiya Müdafiə naziri Sergey Şoyqunun təşəbbüsündən sonra döyüşlər dayanıb. Söhbət nazirin telefon zəngindən gedir. Hər iki tərəfdə itkilər var. Niyə düşmənçilik yenidən başladı?

Döyüş əməliyyatlarının səbəbi sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı irəliləyişin olmamasıdır. Məsələ burasındadır ki, ölkələr SSRİ-dən çıxdıqdan sonra sərhədlərin bəzi hissələri Ermənistanın nəzarəti altında olub. Bu ərazilər işğal olunub. İndi də Azərbaycan ordusu öz sərhəddinə çatıb. Ermənistan 30 ilə yaxın müddətdə bu ərazilərdən iki formada istifadə edib.

Birincisi, ərazilərin (işğal olunmuş) ərazilərin böyük hissəsi boş qalıb. Ermənistan azərbaycanlı əhalini oradan zorla çıxarıb. Hər şeyi məhv edib. Sadəcə olaraq, bu əraziləri “tanınma və təhlükəsizlik” prinsipi ilə gələcək mübadilə üçün saxlamışdı. İndi Azərbaycan bu əraziləri qaytarıb və bərpa etməyə başlayıb. Burada hər şey aydındır.

İkinci məsələ sərhədboyu zolaqla bağlıdır. Ermənilər Azərbaycanın bu ərazilərini də kortəbii şəkildə mənimsəməyə başlamışdı. Azərbaycanın xəritələrinə görə, bura Azərbaycan SSR ərazisi olub və buna görə də Azərbaycan qoşunları oraya nəzarəti bərpa edir”.

Sergey Markov Ermənistanın işğal etdiyi sərhəd ərazilərini Azərbaycana qaytarmalı olduğunu söyləyib:

İndi “satqın” adlandırılan Paşinyan öz xalqının qarşısına çıxıb, ermənilərin bu əraziləri tərk etməli olduğunu deməyə cəsarəti çatmır. Deməli, azərbaycanlılar özləri bu məsələni həll etməlidirlər. Buna görə də qarşıdurmalar yaranır. Əgər sərhədlər dəqiqləşdirilməsə, atışmalar təkrarlanacaq və genişlənəcək.

Vəziyyətdən çıxış yolu sadədir; Rusiya Baş Qərargahının xəritələrini əsas götürmək lazımdır, bunlar ən dəqiqidir. Hesab edirəm ki, sərhədlərin demarkasiyası və delimitasiyası mümkün qədər tez həyata keçirilməlidir. Yəni Azərbaycan SSR və Ermənistan SSR-nin xəritələri əsasında həllini tapmalıdır”.